Azərbaycanda dövlət büdcəsinin 2025-ci ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb

Zeferinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Sənədə əsasən, büdcə gəlirlərinin 49,1 %-i və yaxud 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 %-i və yaxud 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və yaxud 2,5 %, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və yaxud 1,9 % artması gözlənilir.
Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320 milyon manatı və yaxud 41,6 %-i vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və yaxud 16,8 %-i gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və yaxud 36,9 %-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 680 milyon manatı və ya 1,7 %-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və yaxud 2,8 %-i sair gəlirlərin payına düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və yaxud 5,3 % çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və yaxud 26,3 %-i neft-qaz sektorunun, 12 milyard 20 milyon manatı və yaxud 73,7 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək.
Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 %-ni və yaxud 1 milyard 800 milyon manatını Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 9,3 %- ni və yaxud 400 milyon manatını "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 %-ni və yaxud 2 milyard 100 milyon manatını isə "Şahdəniz" layihəsi üzrəhasilatın pay bölgüsü sazişləri çərçivəsindəfəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
2025-ci ildövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə1000 kub metrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar "Şahdəniz" layihəsi üzrəhasilatın pay bölgüsü sazişləri çərçivəsindəfəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrədaxilolmaların 600 milyon manat və yaxud 40 % artacağı gözlənilir.
2025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350 milyon manat və yaxud 3 % çoxdur. Cari ilin yanvar-iyun ayları üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat və yaxud 5,7 %, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat və yaxud 3,5 %, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 % çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaradıb.
2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar təsdiq olunmuş göstəricidən 200 milyon manat və yaxud 22,7 % az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 milyon manat və yaxud 17,6 % çox, sair daxilolmaların isə 1 milyard 71,0 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə (861 milyon manat) müqayisədə 210 milyon manat və ya 24,4 % artım təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmaları (6 milyard 600 milyon manat), ARDNF-dən transfert (14 milyard 481 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.
2025-ci il dövlət büdcəsinin xərcləri 40 milyard 687,6 milyon manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7 % azdır. Ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 %-i qədər və yaxud 24 milyard 346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və yaxud 1,6 % az), əsaslı xərclərə ümumi xərclərin 34,3 %-i qədər və yaxud 13 milyard 941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 % az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 %-i qədər və yaxud 2 milyard 399,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisinin 0,1 faiz bəndi azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisinin isə 0,1 faiz bəndi artması gözlənilir.
2025-ci ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə 1 milyard 441,6 milyon manat, daxili dövlət borcu üzrə isə 958 milyon manat vəsait nəzərdə tutulub.
2025-ci ilin gözlənilən dövlət büdcəsinin kəsiri 1 milyard 556 milyon manat azaldılaraq 1 milyard 495,6 milyon manata çatdırılıb. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,2 % olacaq. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2025-ci ildə 22,6 % proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 21,4 % səviyyəsində olacağı gözlənilir.