Azərbaycan və Türkiyənin sərhədyanı rayonları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Zeferinfo.az xəbər verir ki, İğdır Ticarət və Sənaye Palatasının binasında keçirilən müzakirələrdə iki qardaş ölkənin rəsmi strukturlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli görüş iştirakçıları qarşısında çıxış edərək qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında tarixi əlaqələr qarşılıqlı etimada, dostluq və qardaşlıq münasibətlərinə əsaslanır.
O, son dövrdə iki ölkə arasında qarşılıqlı əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə atılan mühüm addımlar sayəsində daha da gücləndiyini vurğulayıb. “Biz bundan sonra da dövlətlərimiz arasında, o cümlədən sərhəd əyalətləri səviyyəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə hazırıq”, -deyə səlahiyyətli nümayəndənin müavini əmin edib.
Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndəsi Xəzər Bəşirov iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına diqqət çəkib. O deyib: “Məqsədimiz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini maksimuma çatdırmaqdır”.
İğdır valisi Ercan Turan, öz növbəsində, iki dövlət arasında əlaqələrin sarsılmaz olduğunu vurğulayıb. “Türkiyə və Azərbaycan strateji tərəfdaşdırlar. Xalqlarımızın qardaşlığının kökü uzaq keçmişə gedib çıxır. Əlaqələrimizin potensialını maksimum dərəcədə artırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır”, - deyə o vurğulayıb.
Sərhədyanı vilayətin valisi Zəngəzur dəhlizinin açılmasını əməkdaşlığın prioritetlərindən biri adlandırıb, bu marşrutu “strateji əhəmiyyətli ticarət və logistika istiqaməti” kimi xarakterizə edib. “Zəngəzur dəhlizi Türk dünyası ölkələrinin iqtisadi inteqrasiyasına mühüm töhfə verəcək”, -deyə E.Turan qeyd edib.
O, Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsinin, həmçinin Qars-İğdır-Naxçıvan dəmir yolunun tezliklə açılmasının vacibliyini də diqqətə çatdırıb. “Bu təşəbbüslər sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qalxacaq”, -deyə vali vurğulayıb.
E.Turan Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsini bütün Türk dünyasının tarixində dönüş nöqtəsi adlandırıb: “Bu Qələbə regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına qapı açdı”.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya qeyd edib ki, Naxçıvan bütün dövrlərdə Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edib. Diplomat Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin bütün region üçün yeni imkanlar açdığına əminliyini ifadə edib.
Sonra Türkiyə ilə Azərbaycan arasında ticarətin vəziyyəti və inkişaf etdirilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu kontekstdə ticarət prosedurlarının asanlaşdırılması təşəbbüsləri nəzərdən keçirilib.