Azərbaycanın və Türkiyənin Energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin işəsalma mərasimində iştirak etmək üçün İğdır şəhərinə gəliblər.
Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar öz “X” səhifəsində müvafiq görüntüləri paylaşıb.
“Biz hal-hazırda İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla birgə sərhədyanı İğdır şəhərindəyik. Biz rəsmi proqramı qubernatorun ofisinə baş çəkməklə başlamışıq. Bu strateji layihədə şəhərimizin oynadığı rolu və İğdırın enerji sahəsindəki tələbatlarını qubernatorumuz Erkan Turanla müzakirə etmişik”, -deyə nazirin paylaşdığı yazıda qeyd olunur.
Qeyd edək ki, 25 sentyabr 2023-cü ildə sözügedən qaz kəmərinin rəsmi təməlqoyma mərasimi keçirilib.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir . Bu tam olaraq Naxçıvanın təbii qaza olan cari tələbini ödəyir, gələcəkdə isə qaz kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkan olacaq ki, bu da regionun inkişafı üçün əlavə imkanlar yaratmış olacaq.