Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında turizm əlaqələri müzakirə olunub

İyulun 31-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.
Görüşdə Fuad Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı Krallığının turizm naziri və BMT Turizm Təşkilatının Baş katibi adından Dövlət Turizm Agentliyinin sədrini 2025-ci ilin 7-11 noyabr tarixlərində Ər-Riyad şəhərində keçiriləcək BMT Turizm Təşkilatının Baş Assambleyasının 26-cı sessiyasında iştiraka dəvət edib.