Azərbaycan və Qazaxıstan səfirlikləri Kambocada rəsmi qəbul keçiriblər
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycanın və Qazaxıstanın Vyetnamda, eyni zamanda, Kambocada akkreditə olunmuş səfirlikləri Türkiyənin bu ölkədəki səfirliyinin dəstəyi ilə paytaxt Pnom Pen şəhərində rəsmi qəbul keçirib.
Azərbaycanın Kambocadakı səfirliyindən Zeferinfo.az-a bildiriblər ki, tədbir hər üç ölkənin Dövlət himnlərinin canlı ifası ilə başlayıb.
Sonra Azərbaycanın Kambocadakı səfiri Şövqi Mehdizadə iki ölkə arasında 30 illik münasibətlərin tarixindən danışıb, əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini vurğulayıb. O, həmçinin 2014-cü ildə Kamboca Krallığının Baş naziri Hun Senin Azərbaycana səfərini və 2022-ci ildə Azərbaycanın parlament nümayəndə heyətinin Kambocaya ilk rəsmi səfərini qeyd edərək, Prezident İlham Əliyev tərəfindən noyabrın 9-da bu ölkənin Müstəqillik Günü münasibətilə Kamboca Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubunun ünvanlandığını diqqətə çatdırıb.
Səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Kambocanın 110 nəfərlik geniş heyəti ilə qatıldığını, bu ölkənin Milli Assambleyasının qərarı ilə Kamboca-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradıldığını, eləcə də Pnom Pendə səfirliyin səyləri nəticəsində Azərbaycanda təhsil almış kambocalılardan ibarət dostluq Assosiasiyasının yaradılması təşəbbüsünün əhəmiyyətindən danışıb, Birliyin yaradılması təklifinə verdiyi dəstək üçün Kamboca tərəfinə təşəkkürünü bildirib.
Ölkələrarası əlaqələrdən danışan Qazaxıstanın Krallıqdakı səfiri Kanat Tomyuş oktyabrında Qazaxıstandan Kambocaya birbaşa uçuşlara başlanılmasının və ölkə Senatı sədrinin 2025-ci il mayın sonunda Astana Beynəlxalq Forumu üçün Qazaxıstana dəvət edilməsinin əhəmiyyətini vurğulayıb, orta əsr böyük türk alimi Əl-Fərabinin kamil dövlət haqqında traktatının xmer dilinə tərcüməsinin mədəni əlaqələrə təkan verdiyini deyib.
Fəxri qonaq qismində tədbirə qatılan Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Khuon Phon Rattanak hər iki ölkə ilə diplomatik əlaqələrin 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Ölkələr arsındakı münasibətlərin gələcəkdə də bütün sahələr üzrə davam etdirilməsində Kamboca tərəfinin maraqlı olduğunu bildirən nazir müavini Azərbaycanla əlaqələrin bütün sahələrdə gündən-günə gücləndirilməsinin hökumət tərəfindən prioritet hesab edildiyini vurğulayıb.
Daha sonra Kamboca və Azərbaycab mahnıları ifa olunub, milli mətbəximizin təamlarının təqdimatı keçirilib.
Tədbirdə Kambocanın turizm naziri Huot Hak, bir çox dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Azərbaycanda təhsil almış kambocalılar, Kambocada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, media nümayəndələri, azərbaycanlı və qazaxıstanlı soydaşlarımız iştirak ediblər.