AZƏRBAYCAN VƏ QAZAXISTAN MÜNASİBƏTLƏRİ: ORTAQ MARAQLAR VƏ YENİ PERSPEKTİVLƏR

AZERBAYCAN VE QAZAXISTAN MUNASIBETLERI: ORTAQ MARAQLAR VE YENI PERSPEKTIVLER

AZƏRBAYCAN VƏ QAZAXISTAN MÜNASİBƏTLƏRİ: ORTAQ MARAQLAR VƏ YENİ PERSPEKTİVLƏR

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bu gün yüksək etimad, sarsılmaz dostluq və tarixi qardaşlıq zəminində daha da möhkəmlənməkdədir. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə bu strateji əlaqələrin dərinliyini, qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanan əməkdaşlığın miqyasını bir daha nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, iki xalqı birləşdirən ortaq türk kimliyi, mədəni və mənəvi yaxınlıq, həmçinin qarşılıqlı dəstək üzərində qurulan münasibətlər bu gün artıq müttəfiqlik səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyev Qazaxıstanın son illərdə Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə əldə etdiyi iqtisadi və sosial nailiyyətləri yüksək qiymətləndirib, ölkənin dinamik inkişafının düşünülmüş dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb. Hər iki ölkə liderinin mütəmadi səfərləri və təmasları strateji tərəfdaşlığın praktiki məzmununu daha da gücləndirir. Xüsusilə Füzulidə Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi iki xalq arasındakı dostluğun bariz nümunəsidir.

Bu il Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi qeyd olunur. Son iki onillikdə tərəflər təqribən 170 hüquqi sənəd imzalayıb, əməkdaşlığın siyasi, iqtisadi, mədəni və humanitar istiqamətlərini əhatə edən möhkəm müqavilə bazası formalaşdırılıb. Prezident İlham Əliyev bildirib ki, bu sənəd ölkələr arasında əlaqələrin etibarlı təməlini yaradıb və bu gün münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ali Dövlətlərarası Şura çərçivəsində keçirilən görüşlər də əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Qazaxıstanın paytaxtı Astanada keçiriləcək növbəti iclasda tərəflər qarşılıqlı faydalı layihələri və yeni əməkdaşlıq istiqamətlərini müzakirə edəcəklər. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər qurumlarda ortaq mövqe sərgiləyirlər.

İqtisadi və ticarət əlaqələri də dinamik inkişaf mərhələsindədir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin ilk səkkiz ayında isə bu rəqəm 547 milyon dollara yüksəlib. Bu artım Orta Dəhlizin səmərəli istifadəsi və nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi ilə sıx bağlıdır. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumu fəaliyyət göstərir ki, bu da ölkəmizin investisiya mühitinə olan yüksək etimadı göstərir.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq iqtisadi artım və regional inteqrasiya üçün mühüm əhəmiyyət daşıyır. 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon tona çatıb. Aktau və Ələt limanlarının inkişafı, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xəttinin tikintisi kimi layihələr regionun rəqəmsal və nəqliyyat əlaqələrini gücləndirəcək.

Enerji sahəsində SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş, həmçinin yaşıl energetika istiqamətində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında həyata keçirilən birgə təşəbbüslər tərəflərin gələcəyə yönəlik vizionunu nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatının fəaliyyəti Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində xüsusi rol oynayır. Prezident İlham Əliyev TDT-nin türk dünyasının siyasi, iqtisadi və mədəni birliyinin rəmzinə çevrildiyini vurğulayıb. Naxçıvanda əsası qoyulan bu təşkilat Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri ilə yeni mərhələyə qədəm qoyub. Mədəni və humanitar əməkdaşlıq istiqamətində həyata keçirilən birgə layihələr xalqlarımızı daha da yaxınlaşdırır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu sahədə qarşılıqlı marağın bariz nümunəsidir.

Prezident İlham Əliyev Xəzər dənizində ekoloji tarazlığın pozulması və su səviyyəsinin azalması kimi ciddi problemlərə də diqqət çəkib. O, Xəzəryanı dövlətləri bu sahədə elmi əməkdaşlığı gücləndirməyə və koordinasiyalı tədbirlər görməyə çağırıb. Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunması bütün region ölkələrinin birgə məsuliyyəti kimi qiymətləndirilib.

Ümumilikdə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər yalnız diplomatik müstəvidə deyil, həm də xalqların qəlbində möhkəmlənmiş qardaşlıq telləri üzərində qurulub. Bu münasibətlər strateji tərəfdaşlıqdan çox, ortaq tarixə, mədəniyyətə və gələcəyə söykənən sarsılmaz birliyə əsaslanır.

 

Bakı Qızlar Universiteti tələbəsi Şəhla Zeynalova: Nəsimi rayon gənci