Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər

Azerbaycan ve Ozbekistan parlamentlerarasi emekdasligin genislendirilmesi barede raziliga gelibler
Özbəkistan Ali Məclisi Senatının (parlament) Aparat rəhbəri Kudrat Nurullayev və Azərbaycan Milli Məclisinin Aparat rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti parlamentlərarası əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Zeferinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Senatı məlumat yayıb.

"Söhbət zamanı qeyd edilib ki, Özbəkistan-Azərbaycan münasibətləri möhkəm tarixi əlaqələrə, mədəni və mənəvi dəyərlərə əsaslanır. Dövlət başçılarının siyasi iradəsi sayəsində Özbəkistan və Azərbaycan arasında parlamentlərarası əməkdaşlıq yeni səviyyəyə yüksəlib", - məlumatda bildirilib.

Tərəflər Xivədə ilk Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun keçirilməsini və 2025-2026-cı illər üçün parlamentlərarası əməkdaşlıq üzrə "yol xəritəsi"nin imzalanmasını vurğulayıblar.

Müzakirələrin mərkəzində iki ölkənin parlament aparatları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi perspektivləri olub. Qanunvericilik sahəsində təcrübə mübadiləsi, parlament ekspertizalarının keçirilməsi, beynəlxalq reytinqlərdən istifadə və rəqəmsal həllərin tətbiqi kimi istiqamətlər nəzərdən keçirilib.

Görüşün yekununda tərəflər parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, Özbəkistan və Azərbaycan parlamentlərinin aparatları arasında daimi konstruktiv dialoq və praktiki əməkdaşlığın qurulması barədə razılığa gəliblər.