Azərbaycan və Almaniya arasında din sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azerbaycan ve Almaniya arasinda din sahesinde emekdasligin genislendirilmesi muzakire olunub
Azərbaycan və Almaniya arasında din sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. 

Zeferinfo.az xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda səfərdə olan Almaniyanın Əsas dəyərlər və Beynəlxalq Anlaşma Fondunun İdarə heyətinin sədri Erix Alfred Tilo Braun və Fondun icraçı direktoru Folker Brext ilə görüşündə söhbət aparıb.

Komitə sədri Azərbaycanda dövlət-din münasibətləri, dini tolerantlıq və multikultural mühit barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb.

O, dini konfessiyalara daim diqqət və qayğı göstərildiyini, birgəyaşayış təcrübəsinin və multikultural dəyərlərin qorunduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə mütəmadi olaraq dini qurumlara maliyyə yardımları ayrılır.

Ramin Məmmədov irqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlığın mühüm rol oynadığını, ölkəmizdə dinlərarası harmoniyanın unikal nümunəsinin mövcud olduğunu vurğulayıb. Azərbaycanda xristian almanların irsinə göstərilən diqqətin multikulturalizm siyasətini təcəssüm etdirdiyini qeyd edib.

Almaniyanın Əsas dəyərlər və Beynəlxalq Anlaşma Fondunun İdarə heyətinin sədri Erix Alfred Tilo Braun və Fondun icraçı direktoru Folker Brext öz növbələrində təmsil etdikləri Fond haqqında məlumat verərək, Azərbaycanda dini müxtəlifliyə və dinlərarası harmoniyaya göstərilən diqqəti yüksək qiymətləndirdiklərini bildiriblər. Almaniya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.