Məsələn, “Middle East Eye” saytı etibarlı mənbəyə istinadən xəbər verir ki, görüşə ev sahibliyini ABŞ prezidenti Donald Tramp şəxsən edəcək. Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə ilkin razılıq sənədi imzalayacaqları qeyd olunur. Sənədin mahiyyəti barədə indidən konkret fikir bildirmək çətin olsa da, şübhəsiz ki, bunun sülh sazişi olmayacağı bəllidir.
Doğrudur, həm rəsmi Bakı, həm də İrəvan sülh sazişinin mətninin hazır olduğunu dəfələrlə bəyan ediblər. Amma Bakının bəzi şərtləri var. Ermənistan konstitusiyasına dəyişikliklər, ATƏT-in Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizi. Ermənistan prinsipcə, bu şərtlərə qarşı olmasa da, onları həmən aradan qaldırmağa cəsarət etmir. Çünki Ermənistan cəmiyyətində, xüsusilə də revanşistlər bunu Paşinyan iqtidarının növbəti kapitulyasiya aktı kimi qiymətləndirə bilərlər.
Ekspertlər bildirirlər ki, Vaşinqton görüşündə Azərbaycan və Ermənistan lidelərinin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirdikləri görüşdə açıq qalan məsələlərin müzakirəsi davam etdiriləcək. Söhbət həm də sülh sazişi mətninin paraflanmasından gedir. Əbu-Dabi görüşündən sonra Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ və onları ilkin şəkildə imzalaya bilərlər: “Əsas prinsiplər üzrə razılıq əldə edib onları ilkin şəkildə imzalamaq, sonra isə mətn üzərində işləmək bir seçim ola bilər”.
Vaşinqton görüşünə Əbu-Dabidə yarımçıq qalmış sülh müzakirələrinin davamı və əldə edilməyən razılaşmalar üzrə mövqelərin yaxınlaşdırılması prizmasından baxmaq daha məntiqli olardı. Burada əsas fərq görüşün format ilə bağlı ola bilər. Əbu-Dabidəki görüş iki ölkə liderinin təşəbbüsü ilə keçirilmişdisə, Vaşinqtonda keçiriləcək görüş ABŞ prezidenti Donald Trampın “sülh təşəbbüsü” çərçivəsində olacaq.
Rəsmi Bakı Ermənistanın imzaladığı kapitulyasiya aktından sonra “bundan sonra danışıqlar yalnız ikitərəfli qaydada həyata keçirilə bilər” prinsipini gündəmə gətirmişdi. Bununla da kənar qüvvələrin, xüsusilə də, Cənubi Qafqazda sülh və sabitliyin mövcudluğunda maraqlı olmayan, Ermənistana dəstək verən güclərin prosesdən kənarlaşdırılması nəzərdə tutulurdu. Bəs nə baş verdi ki, Azərbaycan rəhbərliyi ABŞ Prezidentinin Vaşinqtonda danışıqlar təklifindən imtina etmədi?
Siyasətdə əbədi dost və düşmənlər yoxdur, daimi maraqlar var. Vaşintonun Azərbaycana münasibəti Ağ Evdə hansı siyasi güclərin mövcudluğundan asılı olaraq dəyişdiyi kimi, rəsmi Bakının da ABŞ ilə münasibətləri buna adekvat olur. ABŞ-nin əvvəlki prezidenti Co Baydendən fərqli olaraq Ağ Evin indiki rəhbəri Donald Trampın Azərbaycana və onun liderinə münasibəti fərqlidir. Trampın bir müddət öncə ölkəmizin başçısının fikirlərinin özünün sosial şəbəkə platformasında paylaşması buna əyani sübutdur.
ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibəti qərəzli olmadığı, ərazi bütövlüyümüzə sayğı ilə yanaşdığı üçün rəsmi Bakı Vaşinqtonda Ermənistan lideri ilə görüşə və müzakirələrə razılıq verib. Eyni təşəbbüs Fransa və ya Rusiya rəhbərliyi tərəfindən irəli sürülsəydi, nəticə fərqli ola bilərdi.
Aydın məsələdir ki, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşməsi və razılıq əldə etmələri ABŞ Prezidenti Donald Tramp üçün çox əhəmiyyətlidir. Hakimiyyətə gələrkən verdiyi sülh vədlərini yerinə yetirə bilməyən – Yaxın Şərqdə, Ukraynaya müharibəyə son qoya bilməyən Tramp artıq həllini tapmış bir münaqişənin “yenidən həll” etmək istəyir. O, bununla da təcümeyi-halının qarşısına “Azərbaycan ilə Ermənistan arasında sülh yaradan ABŞ prezidenti” ifadəsini yazdırmaq istəyir. Məqsəd həm də sülh üzrə Nobel mükafatı almaqdır.
Təbii ki, ABŞ-nin, Fransanın, Rusiyanın maraqlarından asılı olmayaraq, Qarabağ münaqişənin həllinin əsas müəllifi Azərbaycan Ordusu, Ali Baş Komandandır. Ermənistanla sülh sazişi imzalanacaqsa, bunun da əsas təşəbbüskarı, müəllifi Azərbaycan olacaq. Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzuru azad edib Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etməsəydi nə münaqişə həll olunacaqdı, nə də sülh danışıqları aparılacaqdı. Bundan sonra da aparılacaq danışıqların uğuru məhz Azərbaycanın adına yazılmalıdır.
Vacib qeyd. Vaşinqton görüşü Azərbaycana imkan verir ki, ABŞ-nin də dəstəklədiyi Zəngəzur dəhlizi layihəsi ətrafında daha geniş və daha ciddi müzakirələr aparsın. Xatırlayırsınızsa, iyul ayında ABŞ-nin Türkidəki səfiri Tomas Barak rəsmi şəkildə təklif edib ki, amerikalı şirkət bu dəhlizi 100 il müddətinə icarəyə götürərək idarə etsin. Ermənistan bu təklifi rədd edib. Prezident İlham Əliyevin isə Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibəti belə olub
“Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur… Mən Əbu-Dabidə həmkarıma (Nikol Paşinayana – N.C) dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”.
Beləliklə, Azərbaycan Vaşinqton görüşünə, xüsusilə Zəngəzur dəhlizinin açılması baxımından fürsət kimi baxmalıdır.
Nahid Canbaxışlı
“Veteninfo.az” İnformasiya agentliyinin baş redaktoru