"Azərbaycan Uşaqları" İctimai Birliyinin 30 ili tamam olur
"Azərbaycan Uşaqları" İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığı qurbanlarına xidmətlərin göstərilməsi məqsədi ilə akkreditasiyadan keçib. Birliyin əsas vəzifələri uşaq və yeniyetmələrə müstəqil həyata hazırlanmağa, ölkənin layiqli vətəndaşı kimi yetişmələrinə kömək etməkdən ibarətdir.
Təşkilat ictimai fəal şəxsləri ətrafında birləşdirməklə uşaqların sosial, hüquqi baxımdan müdafiəsi, hərtərəfli inkişafları, istedad və bacarıqlarının aşkarlanması, eləcə də asudə vaxtlarının təşkili məqsədi ilə müxtəlif proqram və layihələr həyata keçirir.
2007-ci ildən təşkilatın nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi açılıb. Sözügedən mərkəzdə məişət zorakılığının qurbanı və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası aparılır.
Mərkəzdə çətin şəraitdə yaşama səbəbindən zorakılığın bütün növlərinə məruz qalan, kimsəsiz, baxımsız uşaqlara sosial, tibbi, psixoloji, hüquqi yardımın göstərilməsi, peşə bacarıqlarının artırılması, onların sığınacaqla, təhsillə, paltarla qida ilə və asudə vaxtının təşkili ilə bağlı zəruri xidmət paketi ilə təmin edilmələri həyata keçirilir.
Hər il Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində 250-300 nəfər uşaq və yeniyetmə reabilitasiya keçir. Reabilitasiya müddəti 3-6 ay, məhkəmə proseslərindən asılı olaraq 1 il müddətində davam edir. Reabilitasiya bitdikdə ailələrinə bərpa və ya dövlət müəssisələrinə yerləşdirmə aparılır. Uşaqların yaş həddi 0-18 yaş arasındadır. 2022-ci ilin sentyabr ayından "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində əlavə olaraq iki mərkəz yaradılıb. Öncə "Sosial Sahədə Fəaliyyət göstərən Gənclərin Təlim və Tədris Mərkəzi" 2022-ci ildən 400 nəfər təcrübəçi və 300-nəfərdən çox könüllünü müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi məqsədi ilə təlim proqramlarına cəlb edib, sonra həmin gənclər müxtəlif layihələrin iştirakçıları və təşkilatçıları kimi fəaliyyətlərini davam etdiriblər.
İkinci yaradılan "Qadınlara Dəstək və Reinteqrasiya Mərkəzi" 100 nəfər qadına sosial və psixoloji xidmətlər göstərilib, peşə kurslarına cəlb olunublar. 10 nəfər qadının işlə təmin olunması istiqamətində mərkəz tərəfindən köməklik göstərilib.12 nəfər qadına cəzaçəkmə müəsissələrində xidmətlər göstərilib.