Azərbaycan ugurla Asiya bazarına girir- ŞƏRH

Azerbaycan ugurla Asiya bazarina girir- SERH
Dünyada baş verən təlatümlü hadisələr hər bir dövlət üçün strateji tərəfdaşlarını düzgün seçməyi zərurətə çevirir. Rusiya-Ukrayna müharibəsi ilə ortaya çıxan yeni reallıqlar fövqəlgüc statusuna iddialı ölkələri istər diplomatik, istər nəqliyyat-enerji, istər hərbi və digər sahələr üzrə daha punktual davranış sərgiləməyə vadar edir. Odur ki, bir çoxları inkişafda olan və təbii resurslarla zəngin ölkələrlə səmimi və praqmatik münasibətlər qurmağa üstünlük verirlər. Azərbaycan Prezidentinin həyata keçirdiyi milli maraqlara hesablanmış qətiyyətli siyasət ona gətirib çıxarıb ki, dünyanın bütün güc mərkəzləri – Avropa İttifaqı, ABŞ, Rusiya və Çin ölkəmizlə tərəfdaşlığını gücləndirir, Azərbaycanla münasibətlərə xarici siyasət kursunun strateji istiqamətlərindən biri kimi baxırlar. Belə dövlətlərdən biri Asiya nəhəngi də adlandırılan Çindir.

BAKI-PEKİN ƏMƏKDAŞLIĞININ STRATEJİ HƏDƏFLƏRİ

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına reallaşdırdığı dövlət səfərinin nəticələri onu düşünməyə əsas verir ki, Azərbaycan Asiya coğrafiyasının ən qüdrətli ölkəsi ilə əməkdaşlığını yeni keyfiyyət mərhələsinə qaldırmaqdadır. Bunu sübut edən çoxsaylı faktlar var.

Əvvəla, Çin və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını bir daha bəyan etdilər. Çin Xalq Respublikasının sədri Si Cinpinin öz çıxışında “Çin Azərbaycanla birlikdə BMT-nin mərkəzi rolunu nəzərə almaqla beynəlxalq sistemi, dünya nizamını və beynəlxalq ədaləti müdafiə etməyə hazırdır” ifadəsini işlətməsi ikitərəfli münasibətlər tarixində yeni dövrün başlandığından xəbər verir.

İkincisi, Çin bir fövqəldövlət kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, paralel olaraq regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirir.

Üşüncüsü, Pekin Azərbaycanın qlobal təşəbbüslərinə ən yaxından dəstək ifadə edir. Məsələn, ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konfransında Çinin yüksək səviyyədə təmsil olunması və Azərbaycanın irəli sürdüyü 14 qlobal təşəbbüsü müdafiə etməsi iki ölkə arasında yeni əməkdaşlıq hədəflərinin formalaşdığını göstərir.

Dördüncüsü, Bakı və Pekin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və bir sıra digər platformalarda konstruktiv əlaqələr qurub. Çin Şanxay Əməkdaşlıq Təşkilatının təsisçi ölkələrindən biridir və qurumun inkişafında böyük pay sahibidir. Bu təşkilat çərçivəsində əməkdaşlıq ŞƏT-in statusunun yüksəlməsinə də ciddi töhfələr verəcək.

BİRGƏ BƏYANATDAN DOĞAN HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDAŞLIQ

Pekində iki ölkə liderinin imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” qarşılıqlı münasibətləri yeni müstəviyə daşıyacaq. Bəyanat 18 bənddən ibarətdir və həm Çin, həm də Azərbaycanın qarşılıqlı siyasi etimadı möhkəmləndirmək, xalqların mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək iradəsini ifadə edir. Bu yerdə onu da vurğulamaq vacibdir ki, MDB məkanından Asiya nəhəngi ilə bu formatda saziş imzalayan ölkələr sırasında yalnız Rusiya var. Azərbaycan Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayan 2-ci dövlətdir. Bu isə o deməkdir ki, Azərbaycan qlobal arenada böyük nüfuz sahibidir, qlobal oyunçudur və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə artıq hər kəs, o cümlədən Çin məhz proqressiv proqram kimi baxır.

Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi-ticari əlaqələrin böyük potensialı var və hər iki ölkə bu əlaqələri keyfiyyətcə yeni məzmunla zənginləşdirməkdə maraqlıdırlar. Statistika göstərir ki,

-2024-cü ildə əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib;

-Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib;

-xarici ticarət dövriyyəmizdə Çinin payı 7,9 faiz olub;

-hazırda Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir;

-Çin 17,69 faizlə Azərbaycanın idxal üzrə tərəfdaşı kimi lider mövqeyinə sahibdir.

2025-ci ilin yanvar-fevral ayları üçün iki ölkə arasında ticarət dövriyyəsi 745,4 milyon dollara bərabər olub. Prezidentin dövlət səfəri çərçivəsində Birgə Bəyanat da daxil olmaqla 20-dən çox sənədin imzalanması isə Azərbaycan-Çin əlaqələrinin gələcək perspektivlərinə tam aydınlıq gətirir və faktiki, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin “yol xəritəsi” rolunu oynayır. Məsələn, iki ölkə vətəndaşları üçün viza rejiminin ləğv olunması turizm sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq. Bakı və Pekin bundan sonra humanitar minatəmizləmə, təhsil, mədəniyyət, əqli mülkiyyət, yaşıl enerji, ekologiya, sənaye, media və digər istiqamətlərdə fəal dialoq aparacaqları barədə razılığa da gəldilər.

NƏQLİYYAT COĞRAFİYASI – ÖLKƏLƏRİ BİRLƏŞDİRƏN YOL

Azərbaycan-Çin iqtisadi əlaqələrinin ən vacib istiqamətlərindən biri də təbii ki, nəqliyyat sektorudur. Prezident İlham Əliyev Çin televiziyasına müsahibəsində də bildirdi ki, Bakı Çinin layihəsi olan “Bir Kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyir. Dəstəyin əsas elementlərindən biri də odur ki, Azərbaycan onun ərazisindən yük axınının kəskin artdığını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirir, müasir infrastruktur yaradır və onların ötürücülük qabiliyyətini artırmaq üçün həmin sahəyə əlavə investisiyalar qoyur. Məsələn,

-son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib;

-335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib;

-1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.

Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Bir Kəmər, bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarını reallaşdırmaq üçün yeni imkanlar açır. Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz, eləcə də, yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasında ən optimal marşrut sayılır.

-2024-cü ildə bu dəhlizlə tranzit daşımaların həcmi 378 min ton təşkil edib;

-bu, 2023-cü illə müqayisədə 86 faiz çoxdur;

-2024-cü il ərzində Çindən Azərbaycana Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Göründüyü kimi, Pekində qəbul edilən Birgə Bəyanatla Çinin strateji tərəfdaşına çevrilən Azərbaycan artıq regionda tək enerji ixracatçısı yox, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır. Prezidentin Çinə dövlət səfəri və Çin televiziyasına müsahibəsində toxunduğu məqamlar onu göstərir ki, Azərbaycan artıq yeni dünya düzəninin qurulmasına töhfələr verən ölkə kimi tanınır və qiymətləndirilir. Son bir ay ərzində bir sıra dövlət başçılarının Bakıya, Prezident İlham Əliyevin isə Çinə reallaşdırdığı səfərlər Azərbaycanın regional və qlobal məsələlərdə nüfuzlu, Qafqaz və Xəzər dənizi bölgələrində aparıcı oyunçu statusunu qəti olaraq  qazandığını sübuta yetirir.

Əlibala Mərərrəmzadə: Milli Məclisin deputatı