Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.
Müdafiə Nazirliyindən Zeferinfo.az-a verilən məlumata görə, Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.
İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.

