Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşəbbüsü ilə təftiş–informasiya turu təşkil edilmişdir
15–16 noyabr tarixlərində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşəbbüsü, həmçinin River Inn Resort & SPA, OKI Hospital və Quba Palace otelinin dəstəyi ilə Şimal turizm marşrutu (Quba–Qusar–Xaçmaz regionu) üzrə sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən bir qrup ekspert və idarəçinin iştirakı ilə təftiş–informasiya turu təşkil edilmişdir.
İnfo-turun əsas məqsədi regionun sağlamlıq turizmi potensialının qiymətləndirilməsi, ziyarət olunan müəssisələrin cari vəziyyəti, xidmət səviyyəsi və müştəri məmnuniyyəti ilə yerində tanışlıq, həmçinin bu obyektlərə daha çox turist cəlb edilməsi üçün istifadə oluna biləcək işgüzar şəbəkə və marketinq alətləri üzrə rəy və təkliflərin hazırlanması, eləcə də fəaliyyət planına uyğun mövqe sənədinin formalaşdırılması olmuşdur.
Səfər çərçivəsində dağ iqlim kurortlarının təşkili üçün əlverişli şəraitin mövcudluğu, Xəzər sahillərində talassoterapiya və helioterapiya imkanları, regionun iqlim xüsusiyyətlərinin rekreasiya və sağlamlıq turizminin birgə inkişafına yaratdığı potensial, mikroiqlim şəraiti əlverişli olan ərazilərin müəyyən edilməsi və iqlim terapiyası imkanlarından daha səmərəli istifadənin təmin olunması məsələləri geniş müzakirə edilmişdir.
Gələcəkdə beynəlxalq və yerli formatda keçiriləcək konfrans, sərgi, seminar, infotur və digər tədbirlərdə fəal iştirakla bağlı yekdil qərar qəbul edilmişdir.
Səfərdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, Aydın Partners şirkətinin təsisçisi Aydın Məhərrəmov, 1001 Kurort şirkətinin direktoru Emil Həsənov, A-Medical şirkətinin direktoru Ziba Valehova, Baku Med Travel-in CEO-su Ariz Cəbrayılov, Healthcare Expert-in direktoru Elnarə Musavi, Al Inara Travel-in direktoru İnara İbrahimova və BigGroup Health-in direktoru Ədalət Hüseynov iştirak etmişlər.
Səfər çərçivəsində Baku Med Travel şirkətinin CEO-su Ariz Cəbrayılova AHTTSA ÜZVLÜK sertifikatı təqdim olunmuşdur
Səfər zamanı Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku adından Zərif Sağlamlıq Mərkəzinin rəhbəri Diana Məmmədovaya, OKI Hospitalın rəhbəri Malik Kərimova və Quba Palace Hotelin direktoru İlham Ağayevə təşəkkür sertifikatları təqdim edilmiş, həmçinin xatirə şəkilləri çəkilmişdir.