Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşündə İslamabad Bəyannaməsi qəbul olunub

Zeferinfo.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova yekun çıxışında bəyannamənin üç ölkə arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışları əks etdirir.
Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlər arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərlə bundan sonra da uğurla davam edəcək.
"Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir" - deyə, sədr əlavə edib.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da üç ölkə və üç xalq arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalı olub.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq isə tədbirin üç qardaş ölkə arasında bir sıra aktual məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd edib.