Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edir

Azərbaycan nümayəndə heyəti 8-19 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir.
Bu barədə Zeferinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
ÜPİ-nin ali qərarverici orqanı olan Konqres beynəlxalq poçt xidmətləri sahəsində siyasət və qaydaların formalaşdırıldığı əsas platforma rolunu oynayır. Beynəlxalq poçt sisteminin gələcək inkişafını müəyyənləşdirən bu mötəbər toplantıda ÜPİ-nin 192 üzv ölkəsinin səlahiyyətli nümayəndəsi iştirak edir, seçkilər prosesində isə qeyd olunan Şuralara ÜPİ-nin 5 region üzrə 41 üzvü seçilir.
Konqresdən əvvəl “EMS AWARDS” mükafatlandırma mərasimi keçirilib. AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC səmərəli fəaliyyətinə görə gümüş mükafata layiq görülüb, həmçinin müştəri xidmətləri üzrə də qaliblər sırasında olub.