Azərbaycan Milli QHT Forumu Koreya hökumətinə Açıq Məktub ünvanlayıb

Zeferinfo.az xəbər verir ki, məktubda deyilir:
"Koreya Respublikasının xarici işlər naziri cənab Cho Tae-yul-a!
Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə!
Film Festivalının rəhbəri cənab Woo Bomki-yə!
Biz - ən müxtəlif sahələrdə fəaliyyət göstərən 100-lərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat olaraq, erməni əsilli ssenari müəllifi və rejissor Emili Mkrtiçyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş “There was, There was not” adlı filmin Koreyanın “Jeonju International Film Festival”ında bu günlərdə nümayişinə icazə verilməsini təəccüb və dərin narahatlıqla qarşılayırıq.
Filmdə Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazisinin qondarma adla təqdim olunması tarixi ədalətə, beynəlxalq hüquqa, eləcə də Koreya Respublikasının rəsmi mövqeyinə ziddir.
Biz “Jeonju International Film Festival”ının işğalçılığı, separatizmi, ekstremizmi təbliğ edən, etnik və dini nifrət hissləri, revanşizmi aşılayan bir filmin ucuz təbliğat alətinə çevrilməsini qətiyyətlə pisləyirik.
Azərbaycan Milli QHT Forumu yol verilmiş kobud səhvə görə “Jeonju International Film Festival”nın rəhbərliyini filmin festivalın rəsmi səhifəsindən çıxarılmasına, gələcəkdə belə halların təkrar olunmamasına çağırır.
Hesab edirik ki, film festivalları ölkələr və xalqlar arasında yaxınlaşmanın güclənməsinə, mədəniyyət mübadiləsinə xidmət etməli, irqçi siyasi ambisiyalar, etnik və dini nifrət tribunasına çevrilməməlidir.
İnanırıq ki, Koreya Respublikası operativ şəkildə məsələni hərtərəfli araşdıracaq.
Koreya Respublikasının Azərbaycandakı səfirini məsələ ilə əlaqədar Azərbaycan Milli QHT Forumunun təmsilçilərini qəbul etməyə çağırırıq".