Azərbaycan Milli Mətbuatı: 150 İllik Şərəfli Yolu

Azerbaycan Milli Metbuati: 150 Illik Serefli Yolu

22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasının qoyulduğu gündür. “Əkinçi” maarifçilik missiyası daşıyaraq xalqın milli şüurunun formalaşmasına böyük töhfə verdi.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın azadlıq və müstəqillik uğrunda mübarizənin ayrılmaz hissəsi olduğunu vurğulayırdı. Onun rəhbərliyi ilə 1998-ci ildə mətbuat üzərində senzura ləğv olundu, söz və məlumat azadlığına yol açıldı.
Prezident İlham Əliyev dövründə media sahəsində ardıcıl islahatlar həyata keçirildi. “Media haqqında” Qanunun qəbul olunması, Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərə sosial və hüquqi dəstəyin gücləndirilməsi bu istiqamətdə atılmış mühüm addımlardandır.
Azərbaycan mətbuatı Qarabağ Zəfəri zamanı və ondan sonrakı dövrdə haqq səsimizin dünyaya çatdırılmasında fəal rol oynadı. 2023 və 2024-cü illərdə Şuşada keçirilən Qlobal Media Forumları mətbuatımızın beynəlxalq səviyyədə nüfuzunu bir daha göstərdi.
Bu gün Azərbaycan mediası həmənənəvi, həm də rəqəmsal platformalarda inkişaf edərək qlobal informasiya şəbəkəsinin mühüm iştirakçısına çevrilmişdir. Yeni dövr jurnalistikası qarşısında isə əsas vəzifə – obyektivlik, peşəkarlıq, vətənpərvərlik və milli maraqlara sədaqətdir.
Milli mətbuatımızın 150 illiyi münasibətilə bütün media nümayəndələrini təbrik edirik! 

Fatimə Mayılzadə: Azərbaycan Dillər Universitetinin magistrantı, Nəsimi raron gənci