"Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib (FOTO)

"Azerbaycan media landsafti uzre melumat bazasinin yaradilmasi" layihesi cercivesinde sonuncu toplanti kecirilib (FOTO)

Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib.

Zeferinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHT Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

R.Məcid bildirib ki, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi 7 ay müddətində davam edib.

“Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.

Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin "presscouncil.az" saytında "Azərbaycanın media landşaftı" adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə "Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar", "İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər", "Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları", "Azərbaycan mediasından gender balansı", "I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib”

R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr "Azərbaycanın media landşaftı" kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşma tətbiq edilib. R.Məcid, həmçinin, layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihənin yekunlaşdığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları "Azərbaycanın media landşaftı" kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, "Azərbaycan jurnalist təşkilatları barədə tədqiqatın nəticələrini şərh edib.

Müşfiq Ələsgərli qeyd edib ki, "Azərbaycan media landşaftı üzrə məlumat bazası" beynəlxalq standartalara uyğun formada hazırlanıb.

Toplantıda digər iştirakçıların çıxışları ilə davam edib.