Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və SABAH qrupları hakaton keçirdi - Fotolar
Zeferinfo.az xəbər verir ki, yarış AKM-in “CyberPark” bloku çərçivəsində həyata keçirilib.
Uğurlu əməkdaşlığın davamı olaraq artıq 2-ci dəfə baş tutan yarış hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla, SABAH qruplarının bakalavr və magistr tələbələri arasında keçirilib.
Hakatonun əsas məqsədi komandaların təhlükəli faylları təhlil etmək üçün həm açıq mənbə, həm də özəl hazırlanmış texnologiyaları daha dayanıqlı, təhlükəsiz və səmərəli şəkildə birləşdirmə bacarığını qiymətləndirmək olub.
Hakaton çərçivəsində təqdim olunan layihələr minimum işlək məhsul (MVP) mərhələsinə gətiriləcək. Belə ki, qalib komandaların layihələri startap inkişaf proseslərinə yönləndiriləcək ki, bu isə tələbələrin ideyalarını real biznes modellərinə çevirməyə imkan verəcək.
Qeyd edək ki, iştirak edən komandaların seçim prosesi AKM-in yüksəkixtisaslı ekspertlər qrupu tərəfindən xüsusi olaraq müəyyən edilmiş kriteriyalara əsasən aparılıb. Həmçinin tədbirin yekununda nəticələr müstəqil ekspertlər qrupundan təşkil olunan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sözügedən hakatonun keçirilməsində məqsəd ölkəmizin kibertəhlükəsizlik sahəsindəki gücünü və potensialını nümayiş etdirmək həmçinin yeni nəsil mütəxəssislərin yetişdirilməsinə dəstək verməkdir.




