Azərbaycan ilə BMT-nin Qadınlar üzrə Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib

Oktyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.
Dövlət Komitəsindən Zeferinfo.az-a bildirilib ki, Bahar Muradova BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini, eləcə də müxtəlif formatlarda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.
AQEM-in ötən ay Nyu-York şəhərində keçirilən yüksəksəviyyəli görüşünü xatırladan komitə sədri tədbir zamanı təsisatın Qadınlar Şurasının məsləhətçi qurum kimi yaradılması təşəbbüsünün irəli sürüldüyünü qeyd edib. O, fevralda həmin Şuranın ilk tədbirinin Azərbaycanda keçiriləcəyini bildirib, bunun “Pekin30” prosesinin yubileyinə, həmçinin qadınların səlahiyyətləndirilməsi və bütün proseslərdə iştirakının təmin olunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda verdiyi növbəti böyük töhfə kimi qiymətləndirib. Əlavə edib ki, BMT-nin yubiley tədbirində bu qərarın qəbul olunması Azərbaycanın təşkilatla əlaqəli fəaliyyətə üstünlük verdiyini göstərir.
O, çıxışında vurğulayıb ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində aparılan işlər mühümdür. Eyni zamanda, yalnız qadınların səlahiyyətləndirilməsi ilə kifayətlənməyərək, ölkədə ailə təsərrüfatının inkişafı istiqamətində də məqsədyönlü fəaliyyət göstərmək vacibdir. Bu, sosial sabitliyin və davamlı inkişafın təminatı baxımından böyük önəm daşıyır.
B.Muradova Komitə tərəfindən Ailə Konsepsiyası layihəsi üzərində işlərin davam etdiyini diqqətə çatdıraraq, qəbul edildikdən sənədin sonra müsbət təcrübə kimi beynəlxalq miqyasda təbliğatının əhəmiyyətli olacağını vurğulayıb.
BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də bu prosesdə əldə olunan mühüm irəliləyişlərdən məmnunluğunu ifadə edib.
Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən BMT rəsmisi Pekin 30 çərçivəsində görülən işlərdən söz açıb. Azərbaycanın bu platformada fəal iştirakına diqqət çəkən K.İşikava birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışan qonaq erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklərin beynəlxalq müstəvidə də müsbət qarşılandığını diqqətə çatdırıb.
Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib.