Azərbaycan "Hotelstars" İttifaqında tamhüquqlu üzv statusunu əldə edib

Aprelin 28-də "Hotelstars" İttifaqının (HSU) Norveçin Oslo şəhərində keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanın tamhüquqlu üzv statusu yekdilliklə təsdiqlənib.
Cənubi Qafqaz regionu üzrə ilk dəfə olaraq Azərbaycan tamhüquqlu üzvlük statusu alaraq İttifaqın idarəedici strukturlarında təmsil olunmaq imkanı əldə edib.
Assambleyada çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev son illərdə ölkəmizdə hotelçilik sahəsində beynəlxalq keyfiyyət standartlarının yüksəldilməsinin təşviq olunduğunu, hotellərin ulduz kateqoriyalarını müəyyən edən sertifikatlaşma orqanı tərəfindən indiyədək 263 hotelə müxtəlif ulduz dərəcələrinin verildiyini qeyd edib. O, cari il ərzində Azərbaycanın regionları üzrə ulduz təsnifatı prosesinin aparılacağını və dövlət-özəl tərəfdaşlığının bir istiqaməti kimi regionlarda yerləşən hotellərə birinci il üzrə sertifikat tarifinin tətbiq edilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında 2018-ci ildə imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları "Hotelstars" İttifaqının təsnifat meyarları əsasında hazırlanan Milli Ulduz Təsnifat Sistemi ilə müəyyənləşdirilir.