Azərbaycan dövlətçiliyinin şanlı səhifəsi – Cümhuriyyət Ordusu
Müsəlman Şərqində ilk demokratik respublika olan, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhiriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus yeri var. Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Cümhuriyyətin önəmi zaman keçdikcə daha aydın dərk edilir və yüksək dəyərləndirilir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çoxminillik dövlətçilik ənənələrimizin ölməzliyinin təzahürü və xalqımızın müstəqillik arzularının gerçəkləşməsinin təntənəsidir, müasir müstəqil Azərbaycan dövləti onun hüquqi-siyasi varisidir". Müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz bu dövrdə formalaşdırıldı.
1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə Azərbaycanda milli ordunun təməli qoyuldu. Həmin il avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Qısa müddət ərzində milli ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək peşəkarlıq nümayiş etdirdi. Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi.
Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək güclü milli ordunun formalaşdırılmasını tələb edirdi. Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canladırmaq və onu daha geniş formada aparmaq üçün 1918-ci il oktyabrın 23-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı.
Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşürdü. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov isə nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.
Mudros müqaviləsinin şərtlərinə görə, müttəfiq dövlətlər adından Bakıya gəlməli olan ingilis qüvvələri komandanı general Tomson hələ Azərbaycana qədəm qoymamışdan əvvəl tələb edirdi ki, 1918-ci il noyabrın 17-dək türk qoşunları kimi, Azərbaycan qoşunları da Bakı şəhərini tərk etsin. Çünki Tomson Bakı şəhərini istər iqtisadi, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. İngilis generalı müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi.
Bu səbəbdən 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və öz fəaliyyətini burada davam etdirdi.
Hərbi Nazirlik yaradılana kimi mövcud olan hissə və birləşmələr başlıca olaraq Gəncə və Qarabağda yerləşdirilmişdi. Bu tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi.
Qeyd edək ki, Cümhuriyyətin mövcudluğu dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycana qarşı təcavüzü davam etmişdir. 1920-ci ilin martında bu təcavüz daha geniş və qanlı xarakter aldı. 1920-ci il martın 22-dən 23-nə keçən gecə, Novruz bayramı günlərində erməni hərbi qüvvələri eyni vaxtda Şuşada, Xankəndidə, Əsgəranda, Xocalıda və Tərtərdə yerləşən Cümhuriyyət Ordusu bölmələri üzərinə hücuma keçdi. Ermənistan hərbi qüvvələri Qarabağ ərazisində yaradılmış separatçı qüvvələrlə birlikdə dörd istiqamətdən Azərbaycan ərazilərinin işğalına cəhd göstərdilər: Qazax-Ağstafa, Cəbrayıl, Ağdərə-Tərtər və Şuşa-Əsgəran-Ağdam istiqamətlərindən başlanan hücumlar kütləvi dağıntılarla müşayiət olunurdu.
Ermənistan siyasi rəhbərliyinin və hərbi komandanlığının hazırladığı plana görə, əvvəlcə bütün Qarabağ işğal altına alınmalı, sonra isə erməni hərbi qüvvələrinin Tərtərdən və Qazax istiqamətindən irəliləməsi nəticəsində Gəncə şəhəri işğal edilməli idi. Ermənistanın bu işğalçılıq planının qarşısının alınması üçün əsasən Qarabağda və onun ətrafında aparılan müharibə müstəqillik dövründə Azərbaycan Ordusunun və onun rəhbərliyinin rastlaşdığı ən ciddi və taleyüklü bir sınaq idi. Bu sınaqdan uğurla çıxmaq üçün dərhal Cümhuriyyət Ordusunun bütün potensialı səfərbərliyə alındı. Gəncədə əməliyyatın idarə edilməsi qərargahı yaradıldı və hərbi nazir Səməd bəy Mehmandarov bu qərargaha rəhbərliyi öz üzərinə götürdü. Erməni hərbi qüvvələrinin təcavüzünün əsas zərbə qüvvəsinin istiqamətləndiyi Qarabağda Azərbaycanın müstəqilliyinin qorunması üçün Cümhuriyyət Ordusunun hissə və bölmələrindən ibarət Qarabağ dəstəsi yaradıldı və ona rəhbərlik general-mayor Həbib bəy Səlimova tapşırıldı. General Əlağa Şıxlinskiyə isə Hərbi Nazirliklə Qarabağ dəstəsi və Gəncədəki əməliyyatın idarə edilməsi qərargahı arasında sıx əlaqələrin təmin edilməsi həvalə olundu. Qısa müddət ərzində Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilmiş hissə və bölmələrin Qarabağ bölgəsinə çatdırılması, onların zəruri silah və sursatla təchiz edilməsi təmin olundu. Razılaşdırılmış plan əsasında bu hissə və bölmələr müdafiə döyüşlərinə cəlb edildilər. Nəticədə erməni hərbi qüvvələrinin təcavüzkarlığının qarşısı alındı və təxminən bir ay davam edən müdafiə döyüşlərində Cümhuriyyət Ordusunun hissə və bölmələri erməni hərbi qüvvələrinə güclü zərbə endirdilər. Həm Qazax-Ağstafa istiqamətində, həm də Qarabağ daxilində erməni təcavüzünün qarşısı uğurla alındı. Hərbi nazir Səməd bəy Mehmandarovun strateji rəhbərliyi, onun müavini Əlağa Şıxlinskinin yüksək təşkilatçılığı, Qarabağdakı hərbi qüvvələrə rəhbərlik edən Həbib bəy Səlimovun, Teymur bəy Novruzovun, Cavad bəy Şıxlinskinin, başqa zabit və döyüşçülərin şücaəti, fədakarlığı nəticəsində Cümhuriyyət Ordusu ona tapşırılmış vəzifəni qələbə ilə başa çatdırdı. Erməni silahlı qüvvələrinin bütün cəhdlərinə baxmayaraq, Qarabağın Azərbaycandan qoparılması mümkün olmadı. Yaşadığımız ağır faciələr - Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, döyüş əməliyyatları sübut etdi ki, qarı düşmən heç vaxt qocalmır.
Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi. Azərbaycan keçmiş ittifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı.
70 il sonra müstəqil Azərbaycan dövlətinin milli ordusunun yaradılmasında Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu ənənəsinin və təcrübəsinin nəzərə alınması son dərəcə gərəkli oldu.
Əsası Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusu, dünyanın isə 50 qüdrətli ordusu sırasındadır. Qürurla deyə bilərik ki, bu qüdrətli ordu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın erməni silahlı qüvvələrindən azad olunmasında yüksək döyüş bacarığı göstərərək, adını şanlı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazdı.