Azərbaycan COP29-a uğurla ev sahibliyi edir
Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 uğurla davam edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq.
Əminəm ki, bu mötəbər tədbiri uğurla, ən yüksək səviyyədə keçirməklə Azərbaycan 21-ci əsrin mütərəqqi dövləti adını qazanacaq. Azərbaycan konstitusion olaraq müəyyən edilmiş ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilmiş və məntiqi olaraq bu il Azərbaycan artıq Cənubi Qafqazın təhlükəsizliyi ilə yanaşı, regionun bütün ətraf mühitinin qorunması istiqamətində mühüm addımlar atır. Bu, dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal arenada gördüyü işlərə verilən düzgün qiymətdir.
COP29-un Azərbaycanda keçirilməsi qərarı ordumuzun keçirdiyi antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Noyabrın 11-22-də Bakıda təşkil edilən COP29-a qatılan dünya liderləri və qonaqlar Azərbaycanın bu mötəbər tədbirə hazırlığını yüksək qiymətləndirir. Konfrans çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi və peşəkarlığı təqdir edilir. Həmçinin, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidlər ifadə olunur.
Bu gün ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycandır. Ölkə başçısı Prezident İlham Əliyev Liderlər Sammitindəki çıxışında diqqəti bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkə qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik.
Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan COP29-da da öz sözünü deməyi bacarır. COP qlobal iqlim siyasətində böyük əhəmiyyət daşıyan və dünyanın ən nüfuzlu dövlətlərini bir araya gətirən tədbirdir. Belə ki, dünyanın 196 ölkəsindən gələn qonaqlar COP29-da iştirak edir. Qonaqlar ölkəmizin zəngin tarixi, mədəniyyəti və mətbəxi barədə də dərin biliklərə sahib olur.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmizin apardığı xarici siyasətinin ən böyük uğurlarındandır.
Üzeyir Məmmədov: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı