Azərbaycan bünövrəsi möhkəm siyasi sistemə malikdir

Azerbaycan bunovresi mohkem siyasi sisteme malikdir

Azərbaycan bünövrəsi möhkəm siyasi sistemə malikdir: Ölkənin siyasi təhlükəsizliyinə qarşı yönəldilən təsirlər yerindəcə məhv edilir.

Xarici güclərin dəstəyini milli maraqlardan üstün tutanların istintaqının obyektiv aparılacağına şübhəm yoxdur.     

Aktiv fəaliyyətləri dövründə "Milyarderlər İttifaqı", "Milli Şura", "Ziyalılar Forumu"... kimi tanıdığımız təşkilatların nə istədikləri, hər birinin siyasət dünyamıza birbaşa xaricdən yönləndirilməsi, bir diaspor qurumu rəhbəri olaraq, mənim üçün sirr olmayıb. Bir də ki, onların başında Azərbaycanımızın müstəqilliyi əleyhinə səs vermiş Abbas Abbasov kimilərin durması da bütün qaranlıqlara aydınlıq gətirib. Məlum olub ki, onlar öz çirkli pulları hesabına ölkə siyasətini çox çirkli oyunlara sürükləmək niyyətindədirlər. 

Çox təəssüf ki, onlar nüfuz sahibi şair və yazıçıları, ictimai-siyasi xadim kimi tanıtdıqları şəxsləri, hətta müxalif düşərgə mənsubu kimi təmsil olunan dayaz düşüncəli siyasət həvəskarlarını belə şirin vədlərlə öz sıralarına cəlb edə biliblər -- Bəzisi keçilməz bataqlığa yuvarlandığını "Ramiz Mehdiyev işi" başlayana, Mehdiyevlə müxalifət, daha çox Əli Kərimli arasında əlaqələrin olduğu ortaya çıxana qədər anlaya bilməyib. Başqa xarici mərkəzlərdən gələn təlimatlar hesabına 
bağışlanmaz xəyanətə və satqınlığa köklənən, birbaşa milli maraqlara və xalqın iradəsinə qarşı yönələn bu ağlagəlməz yaxınlığı, belə bir işbirliyini anlamaqda belələri aciz olurlar. Bir də ki, onlar bunu vaxtında haradan biləydilər?! Çünki uzun zaman hakimiyyətin ən nüfuzlu nümayəndəsi kimi yaddaşlarda qalan Ramiz Mehdiyevlə, daha çox onun özünə qarşı yaddaqalan çıxışlar edən müxalifət lideri Əli Kərimli arasındakı siyasi davranışda nə vaxtsa adi bir mülayimlik belə müşahidə olunmayıb.

Yaxşı ki, Azərbaycanın hazırkı siyasi sisteminin bünövrə möhkəmliyi həm daxili, həm də xarici təsirləri neytrallaşdırmaq, ölkə əleyhinə yönəldilən təhrikedici amilləri və mexanizmləri yerindəcə susdurmaq, pərdəarxasında baş verənlərin üstünü vaxtında açmaq gücündədir. Elə, "Ramiz Mehdiyev işi"  ətrafında baş verən proseslər və törədilən ağır cinayətlər də bunun bariz nümunəsidir. 

İndi, lider qıtlığı yaşayan müxalifət düşərgəsində özünü ana müxalifətin rəhbəri rolunda görən Əli Kərimlinin dövlətçiliyə qarşı tutduğu mövqe ikrah hissi doğurur. Hətta şirin vədlər hesabına aldada bildiyi partiyadaşları arasında həbs olunmuş liderlərini ittiham edənlər də yetərincədir. Və onlar da yaxşı bilirlər ki, biz bir cəmiyət olaraq bütün bu iyrənc və rəzil ssenarilərin qarşısını prezident İlham Əliyevə güvənməklə ala bilirik. Siyasət adamlarının, qələm sahiblərinin, analitiklərin və şərhçilərin də dedikləri kimi, xarici qüvvələrin ölkənin siyasi sisteminə müdaxilə mexanizmləri artıq ləğv edilib. Konstitusiyaya, xalqın iradəsinə və sosial təkamülə arxalanmayan zorakı siyasi layihələr sıradan çıxarılıb. Suverenlik ideyası Azərbaycanın tərəqqi modelinin əsas qayəsi olaraq, tam qoruma altına alınıb. Rəsmi Bakı daxili siyasi təhlükəsizlik arxitekturasını getdikcə daha da möhkəmləndirir. 

Məhz bu səbəbdəndir ki, Dövlət Təhlükəsizlik Xidməti də dövlətə xəyanət edənlərin izinə düşə, paytaxt Bakıda keçirilən gizli toplantılarda hansı planların qurulmasını müəyyən edə bilir.

Yəqin sizə də məlumdur ki,
Əli Kərimlinin həbsi ilə bağlı aparılan istintaq prosesinin kökləri 2012-ci ilə gedib çıxır. Bu müddət ərzində Dövlət Təhlükəsizliyi Xidmətində çoxsaylı tanınmış şəxslərin ifadələrinin alındığı barədə xəbərlər də ortadadır.
İstintaqın diqqət mərkəzində həmin illərdə fəaliyyət göstərmiş ictimai-siyasi təşəbbüslər, xüsusilə 2009-cu ildə yaradılan "Ziyalılar Forumu"nun və 2013-cü ildə elan olunan "Milli Şura"nın fəaliyyəti dayanır.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri olaraq həmin vaxtlar mənə də bu qurumların yaranması məqsədi, fəaliyyəti, eləcə də həmin çağın siyasi prosesləri ilə bağlı çox şeylər deyilib. O dövrün ictimai proseslərində yer alan müxtəlif ziyalıların və siyasi xadimlərin çirkli oyunlara cəlb olunduqlarını sübut edən faktlar ortaya qoyulub. Nə olsun, dediklərimizə məhəl qoyan tapılmayıb. Bu azmış kimi, dediklərimizə görə Ramiz Mehdiyevin, onun ətrafındakı nüfuz sahiblərinin adlarıyla bizi qınayıblar. İstintaq zamanı hadisələrin məhz həmin tarixdən araşdırılmağa başlanması, həmçinin bu qurumlarda təmsil olunmuş şəxslərin ifadələrinin toplanması istintaqın yönəldiyi istiqamət barədə müəyyən təsəvvür formalaşdırır. Bizə onu deyir ki, bizim o vaxt dediklərimiz səhv olmayıb. Doğrudan da, həmin təşkilatlarda birləşən 
nüfuz sahibləri iqtidarı bir qrup avantüristin, möhtəkirin, satqının, tamahkarın əlinə keçirməkdə, ölkəni xaosa sürükləməkdə israrlıdır. Nə yaxşı ki, onların istəyi əsasında heç nə baş vermədi. 2013-cü ilin prezident seçkiləri ictimai-siyasi proseslər üçün baza prinsipi rolunu oynadı. Azərbaycanda sadəcə prezident seçkisi keçirilmədi. Gələcəyimiz, müqəddəratımız həll olundu. Bu seçkilərdən sonra dövlətimiz həm geopolitik planda öz təhlükəsizlik təminatlarını gücləndirdi, həm də bir-neçə xarici ölkə kimi, Rusiyanın Azərbaycanın müstəqilliyinə daxili təzyiq rıçaqlarını tam zərərsizləşdirdi. Bunu təkcə mən yox, bir çox siyasət adamları da deyirlər. İndi bu günümüzün düzəninə bağlı tələblər həm də onu deyir ki, Rusiya yönümlü siyasilərə qarşı sayıq olaq. Bu təsirlərin qarşısının alınmasında dövlətlə birgə bizim hər birimizin üzərinə xüsusi məsuliyyət düşür. Əsas odur ki, dezinformasiyasız ictimai-siyasi rəyin formalaşıb, qorunmasında prinsipial mövqedə olaq. 

Xarici qüvvələrin kommunikasiya kanalı kimi istifadə etdiyi, edə biləcəyi bütün formal və qeyri-formal şəbəkələr, qruplar, ictimai və siyasi təşkilatlar, vəzifəli şəxslər və publik fiqurlar monitorinq edilməlidir. Daxili sosial və siyasi proseslər milli maraqlar çərçivəsində nəzarətdə saxlanılmalı, ən diqqətli şəkildə təhlil olunmalı, Azərbaycanın yüksələn qüdrətinə köklənməlidir. Çox təəssüf ki, çoxları bunu da başa düşmək istəmir, edilənləri başqa fonda yozurlar. Hətta Prezident İlham Əliyevin sarsılmaz iradəsinin nəticəsi olaraq, ATƏT-in Minsk qrupunun və əlaqəli strukturların ləğv olunmasının vacibliyini belə başa düşmək istəmirlər. Halbuki müxalifətin təqsiri ucbatından beynəlxalq gündəmdə sanki bunun həll edilməyəcəyi təsəvvürü yaradılmışdı. Minsk prosesinə aid bütün strukturların bağlanması ilə, bu mövzu da tamamilə beynəlxalq gündəlikdən çıxarılmış oldu. 
Azərbaycanın diplomatik uğuru olan bu prosesin növbəti mərhələsi Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması olmalıdır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bunu müxalifət də, öz dayağı olan Ramiz Mehdiyev kimilərə arxalanıb başqa cür yozurdu. Bütün bunlar isə, hakimiyyətin zorla ələ keçirilməsinə yönəldilən hərəkətlər idi. Planı isə, Ramiz Mehdiyevin göstərişi ilə, Əli Kərimli tərəfindən cızılmışdı. Halbuki Paşinyanın özü də etiraf edir ki, Konstitusiyanın preambulası sülhə maneədir və yeni Konstitisiya layihəsi hazırlanmalıdır və prosesə başlanması istisna deyil.

Artıq Avropa Birliyi də Azərbaycanın müxtəlif tələblərini normal qəbul edir və sülh sazişinin imzalanması üçün rəsmi Bakının sülh planının Ermənistan tərəfindən qəbul edilməsini zəruri sayır.

...........

HAŞİYƏ:

Bu yazımı çapa hazırlanarkən, Vəhdət Partiyası sədri Adəm İsmayıl Bakuvinin bu mövzuda mətbuatda getmiş "Xəyanətin fəlsəfəsi: Mehdiyev – Kərimli PLANI..." başlıqlı yazısını oxudum. Sanki sədr mənim yazdıqlarıma dəstək verir və xüsusi olaraq onu qeyd edirdi ki, Azərbaycan siyasi tarixində zaman-zaman təkrarlanan bir acı həqiqət var. Dövlətin süqutunu hazırlayan güc çox vaxt xaricdən deyil, elə içəridən doğur. Bu cür təbəqələr üçün dövlət ideya deyil, alətdir. Onlar yalnız zəif dövlət, parçalanmış cəmiyyət və davamlı xaos şəraitində mövcud ola bilirlər. Onların “hədəfi” demokratiya deyil, hakimiyyətdir; onların “mübarizəsi” xalq üçün yox, özləri üçündür. Bu gün Ramiz Mehdiyev–Əli Kərimli əlaqələri fonunda xarici mərkəzlərin təlimatlarını yerinə yetirən yerli qruplaşmalar milli dövlətçiliyi hədəfə alıblar. Azərbaycanın son illərdə qazandığı tarixi qələbələr isə onların illərlə qurduğu xəyal dünyasını dağıtdı. 

Azərbaycan ordusunun gücü artdıqca, dövlətin beynəlxalq ittifaqlardakı çəkisi yüksəldikcə, ölkə regional liderə çevrildikcə radikal qrupların siyasi kapitalı azaldı. Buna görə də, 44 günlük Vətən müharibəsi onların siyasi varlığı üçün strateji məğlubiyyət oldu. 

Sədr onu da qeyd edir ki,
"Ramiz Mehdiyev işi" ətrafında baş verənlər daxili məsələ deyil — milli təhlükəsizlik problemidir.
Dövlətə müxalifətdə olmaq olar, amma dövlətçiliyə yox; siyasi fikir müxtəlifliyi normaldır, amma Vətənə xəyanət yox; hakimiyyəti tənqid etmək olar, amma dövlətin altını qazmaq olmaz. 
Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyatları göstərir ki, Azərbaycan dövləti bu təhlükəni siyasi və ideoloji müstəvidə dərk edir. Buna görə də, milli dövlətin müstəqilliyini qorumaq, xarici güclərin içəridəki əlaltılarını ifşa etmək, radikal qrupların manipulyasiyalarına son qoymaq üçün hərəkətə keçib.

Azərbaycan dövləti bu gün daha güclüdür, daha çevikdir, daha ayıqdır. Prezidenti İlham Əliyevin siyasi idarəçilik modeli milli təhlükəsizlik strategiyasının əsas fəlsəfi dayağıdır.

Bugünkü proseslər göstərir ki, dövlət artıq xəyanəti təkcə hüquqi məsələ kimi deyil, həm də ideoloji və tarixi problem kimi həll edir. 

Azərbaycan cəmiyyəti bu qüvvələri çoxdan siyasi səhnədən kənarlaşdırıb, dövlət isə bu nəticəni hüquqi müstəviyə daşıyır. Çünki tarix Azərbaycan xalqına öz dərsini keçib. Bu səbəbdən, bu dəfə içəridən gələn zərbəyə qapı açmadı. 

....................

İstintaq zamanı bütün bu hərəkətlərin ciddi araşdırılacağına inanırıq. Bu sahədə müsbət istiqamətdə irəliləyişlər buna dərin inam yaradır. 

Göründüyü kimi, Azərbaycan Aİ-nin Minsk qrupunu tarixin arxivinə göndərdiyi kimi, Ramiz Mehdiyevin qurduğu prosesin planlarını da məhv edib, vacib olan bütün amilləri legitimləşdirəcək. Çünki Azərbaycanın siyasəti, diplomatik qətiyyəti və inadı bütün tərəfləri və tələbləri gerçəkliklə barışmağa məcbur edir.

"Ziyalılar Forumu" nun əsas məqsədi isə, guya, ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq olub. Baxın, deyilənlərdən nəticə çıxarın: İndi "Ramiz Mehdiyev işi" ilə bağlı "bu hakimiyyətin növbəti şousudur", "dava əmlak davasıdır" və s. kimi fikirləri qətiyyətlə rədd edib, bir daha bildirirəm ki, bu proses ətraflı və diqqətli aparılacağı təqdirdə Müstəqil Azərbaycan Dövlətinin tarixində silinməz izlər buraxacaq. Bu mürəkkəb iş dövlətimiz üçün çox vacidir. Son günlər bu işdən istifadə edib, özünü cəmiyyətə qəhrəman kimi sırımaq istəyənlər də var. Çoxu da vaxtilə R. Mehdiyev dəstəsinin aktiv üzvləri olublar. Onların sırasına qatılmamaq, ən əsası, obyektiv aparılacağına şübhəm qalmayan istintaqın işinə qarışmamaq üçün, hələlik yazımı burada nöqtəliyirəm. Çünki bu mövzu ətrafında yazacağım çox şeylər var.

İsmayıl AĞAYEV: Vəhdət Partiyası Aparat rəhbərinin birinci müavini, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri