Aygün Əliyeva: Bu il Qərbi Azərbaycanla bağlı maliyyələşdirdiyimiz layihələr rekord sayda olub
Zeferinfo.az xəbər verir ki, bunu Dövlət Agentliyinin icraçı direktoru Aygün Əliyeva "Qərbi Azərbaycana Qayıdış" mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəriciləri getdikcə yüksəlir:
"Əgər 2023-ci ildə bu istiqamət üzrə Dövlət Agentliyinin xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-yə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıblar"
A.Əliyeva qeyd edib ki, son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində "Qərbi Azərbaycana qayıdış prosesi" prioritet istiqamətdir:
"Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək".