Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb

Avropaya getmek ucun Azerbaycan serhedini pozmaga cehd eden ecnebiler saxlanilib
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan sərhədini pozmağa cəhd göstərən 2 sərhəd pozucusu saxlanılıb.

Bu barədə Zeferinfo.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki,  Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar. 

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.