Avropanın İKİÜZLÜ SİYASƏTİ – “Erməni terrorçuların azad edilməsini tələb edirlər” - VİDEO

Avropanin IKIUZLU SIYASETI – “Ermeni terrorcularin azad edilmesini teleb edirler” - VIDEO

“Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyasını izləmək üçün Fransanın Strasburq şəhərindəyik. Bir neçə günlük izləməyimizin nəticəsi olaraq deyə bilərik ki, Avropa Şurası Fransa başda olmaqla, bir neçə aparıcı Avropa dövlətinin cəza mexanizminə çevrilmişdir.

Təəssüflər olsun ki, dünyaya demokratiya və insan haqlarından bəhs edən qurum özünün istəmədiyi nəticələr olduqda, tam fərqli reaksiya verməkdədir. Bunu biz Gürcüstanın timsalında görməkdəyik. Gürcüstanda seçkilərin Avropanın istəmədiyi şəkildə cərəyan etməsi onların da eynilə bizim kimi Avropa tərəfindən sanksiyalarla üzbəüz qoymaqdadır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında ölkəmiz əleyhinə çıxarılan qərarlarla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Azərbaycana gəlincə, ölkəmizlə bağlı həm parlament, həm prezident seçkiləri, eyni zamanda, jurnalist həbsləri ilə bağlı mülahizələri ayrı-ayrı avropalı deputatlardan eşitməkdə və Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan açıqlamaları görməkdəyik.

A. Ələsgər onu da xatırladıb ki, Azərbaycan Avropa Şurasının hazırkı toplantısında iştirak etmir və iştirak etmədiyi üçün də ölkəmizlə bağlı hər hansısa bir sanksiya icra edə bilmirlər:

“Çünki qanunvericiliyə görə, barəsində sanksiya çıxarılacaq ölkənin nümayəndə heyəti toplantıda iştirak etməlidir. Əgər nümayəndə heyəti yoxdursa, hansısa bir ölkə haqqında hər hansı bir qərar verilə bilməz. Amma çox təəssüflər olsun ki, Avropa yenə də öz yazdığı prinsipləri pozaraq, Azərbaycana qarşı çıxış edən və ölkəmizdə arzuolunmaz şəxs sayılan avropalı parlamentarilərə qarşı çıxarılan “persona non-qrata” haqqında qərarın dəyişdirilməsini, seçkilərin yenidən keçirilməsini, eyni zamanda da həbsdə olan jurnalistlərlə bərabər, erməni terrorçularının da qeyd-şərtsiz azad edilməsini tələb edir”.

“Bu, artıq bardağı daşıran son damla hesab ola bilər. Çünki 30 il Azərbaycanla bağlı hansısa bir məsələdə yekun qərar verməyən, eləcə də Ermənistanı hər hansısa bir şəkildə qınamayan Avropa Şurası Azərbaycan torpaqlarında cinayətlər törədən, mülki vətəndaşları qətlə yetirən, Gəncə və Bərdədə insanların üzərinə kaset bombaları yağdıran, Qarabağda hər cür cinayətlərə imza atan Vardanyan, Qukasyan və digərlərlərinin azad olunmasını tələb edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

www.yenicag.az