Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir

Avqustun 8-de Vasinqtonda bas veren hadiseler qarsidurmanin ve gerginliyin sonu demekdir

Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir.

Avqustun 8-də Vaşinqtonda imzalanmış sənəd Cənubi Qafqazın gələcək taleyi üçün dönüş nöqtəsi kimi dəyərləndirilir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan bu razılaşma, əslində, onilliklər boyu davam edən Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyan tarixi bir hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə də xüsusi olaraq vurğulandığı kimi, bu proses sadəcə iki dövlət arasında siyasi sənədin paraflanması deyil, həm də müharibələrin, dağıntıların və minlərlə günahsız insanın ağrı-acısına son qoymaq üçün atılmış mühüm bir addımdır.

 Azərbaycan 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzünə məruz qalmış, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox soydaşı öz yurd-yuvasından didərgin düşmüşdü. 1994-cü il atəşkəsindən sonra aparılan danışıqlar isə real bir nəticə verməmiş, yalnız vaxt itkisinə səbəb olmuşdu. Lakin 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq işini təsdiqlədi və tarixi ədalət bərpa olundu.

Bununla belə, sülhün beynəlxalq hüquqi çərçivədə möhkəmləndirilməsi vacib idi. Avqustun 8-də Vaşinqtonda əldə olunan sənəd hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıması və gələcək münasibətlərin məhz bu prinsip əsasında qurulmasını təsdiq edir. Prezident İlham Əliyev qeyd edir ki, Ermənistan Konstitusiyasına Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın dəyişdirilməsi ilə formal sülh sazişi də imzalanacaqdır.

Bu razılaşma yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün də yeni imkanlar açır. Uzun illər müharibə meydanına çevrilən Cənubi Qafqaz indi sülh, əməkdaşlıq və inkişaf məkanı ola bilər. Bu, həm regional sabitlik, həm də beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşması baxımından xüsusi əhəmiyyət daşımaqdadır.

 Vaşinqton razılaşması yalnız silahların susması deyil, həm də gələcək nəsillər üçün dayanıqlı sülhün başlanğıcıdır. İndi əsas məsələ əldə olunan sənədlərə sadiq qalmaq, təxribatlardan yayınmaq və regionda yeni əməkdaşlıq mühitini qoruyub saxlamaqdır. Azərbaycanın göstərdiyi siyasi iradə və qətiyyət bu yolun uğurla davam etdiriləcəyinə böyük ümid yaradır.

Rəvanə Kərimova, Nəsimi Rayon Gənci.