Sammitin növbəti günündə Dövlət Agentliyinin sədri “Süni intellekt dövründə insan resurslarının gələcəyinin formalaşdırılması” adlı dəyirmi masa müzakirəsində də çıxış edib. Vurğulanıb ki, süni intellektdən dövlət qulluqçularının səmərəliliyini artırmaq, qərarvermə proseslərini gücləndirmək və xidmət keyfiyyətini yüksəltmək üçün strateji alət kimi istifadə edilməlidir. Dəyirmi masada 15-dən çox ölkənin yüksək səviyyəli rəsmiləri çıxış ediblər.
Dünya Hökumətləri Sammiti zamanı BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüş keçirilib. Görüş 2024-cü ildə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrasının müzakirəsi və bu çərçivədə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər məqsədilə gerçəkləşib. Bu çərçivədə BMT rəsmisi Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində nümunəvi fəaliyyətini xüsusi vurğulayıb.
Dövlət Agentliyinin nümayəndə heyəti Sammit çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun çıxış etdiyi “Yeni İpək Yolu” Forumunda da iştirak edib.
