Arayik Harutyunyan: Cəlal Harutyunyana general-leytenant rütbəsini Ermənistan prezidenti Armen Sarksiyan verib

Zeferinfo.az xəbər verir ki, o, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: “Cəlal Harutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasının prezidenti Armen Sarksiyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb”.
Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun hərbi polisi, hərbi prokurorluğu və hərbi məhkəməsinin olmadığını da söyləyib: “Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.