AQTA-dan bufetlərlə bağlı AÇIQLAMA

AQTA-dan bufetlerle bagli ACIQLAMA

Təhsil müəssisələrinin qida bloklarında, eyni zamanda məktəblərin qida bloklarını təchiz edən keytrinq şirkətlərində yoxlama-nəzarət tədbirləri həyata keçirilir, mövcud vəziyyətlə əlaqədar bağça, məktəb və digər təhsil müəssisələrində fəaliyyət göstərən bufetlərdə qida bloklarının monitorinq qiymətləndirilməsi aparılır.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu, istifadə edilən qida məhsullarının (xammalların) müşayiətedici sənədlərinin mövcudluğu yoxlanılır.

Həmçinin qeyd olunub ki, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə verilən qida məhsullarından müayinələrin aparılması üçün nümunələr götürülür.

Bundan başqa, qida bloklarında qida məhsullarının saxlanılması və daşınması zamanı mal qonşuluğu qaydaları və temperatur rejiminə əməl edilməsi, qida məhsullarının etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, qida blokunun işçi heyətinin ilkin və dövri tibbi müayinədən keçməsi yoxlanılır.

"Bununla yanaşı, Agentlik tərəfindən təhsil müəssisələrində sağlam qidalanmanın təşviq edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirici tədbirlər həyata keçirilir, maarifləndirici layihələr icra olunur.
Qeyd edək ki, vətəndaşlar qida sahəsində onları narahat edən məsələlərlə bağlı Agentliyin “1003 - Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər",- deyə AQTA-nın məlumatında vurğulanıb.