Ankarada Azərbaycanın 44 günlük müharibədə Zəfərinə həsr edilmiş konsert olub
Ankaradakı “CSO Ada” mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərinə həsr edilmiş simfonik musiqi konserti olub.
Zeferinfo.az xəbər verir ki, XV Beynəlxalq Şefika Kutluer Festivalının açılışını bildirən konsert Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinin himayəsi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) dəstəyi ilə təşkil olunub.
Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun, eləcə də dünyaşöhrətli türk fleyta ifaçısı, UNESCO-nun xoşməramlı səfiri Şefika Kutluerin rəhbərliyi ilə “Dədə Qorqud” kamera orkestrinin ifasında Azərbaycan, türk və Avropa klassik musiqisindən ibarət məşhur kompozisiyalar gurultulu alqışlarla qarşılanıb.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Şefika Kutluer Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sarsılmaz olduğunu vurğulayıb. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Xalqlarımız sevincdə də, kədərdə də bir yerdədir. Yaradıcılığımla əməkdaşlığın və sülhün daha da möhkəmlənməsinə töhfə verməyə çalışıram”, - deyən musiqiçi iki qardaş xalq arasında əməkdaşlığın qurulmasında göstərdiyi mühüm səylərə görə Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinə təşəkkürünü bildirib.
O vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda verdiyi qurbanlar bütün dünyaya məlumdur.
Türkiyəli fleyta ifaçısı onun təşəbbüsü ilə keçirilən beynəlxalq musiqi festivalının tezliklə Azərbaycanda və bilavasitə Şuşada baş tutacağına ümid etdiyini bildirib.
TADİV-in rəhbəri, professor Aygün Attar, öz növbəsində, Azərbaycanın tarixi Qələbəsinin dördüncü ildönümünə həsr olunmuş tədbirə dəstək verməkdən qürur duyduğunu vurğulayıb. “Azərbaycanın Qələbəsinə həsr olunmuş konsertin Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin səhnəsində təşkil olunması əlamətdardır”, - deyən A.Attar noyabrın 20-də İstanbulda analoji konsert proqramının təqdim edildiyini xatırladıb.
“Şəhidlərin xatirəsi önündə bir daha baş əymək, qazilərin şücaətinə heyranlığımı bildirmək və Qələbə sevincinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ürəkdən təşəkkür etmək istəyirəm. Mən şadam ki, müasir Azərbaycan dünyada qalib ölkə kimi tanınır və bu, bütün sahələrdə, o cümlədən mədəniyyət sektorunda özünü göstərir”, - deyən TADİV rəhbəri, habelə konsertin təşkilində İstanbul Vəkillər Palatasının üzvü, Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinin rəhbəri Nərgiz Attarın xidmətlərini qeyd edib.
Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov bildirib ki, “Dədə Qorqud” kamera orkestri ilk dəfədir Türkiyədə qastrol səfərindədir, əvvəllər İzmir və İstanbulda konsert proqramları keçirilirdi. “Şadıq ki, Ankarada “CSO Ada”nın yeni səhnəsinə çıxmaq bizə nəsib oldu. Qardaş ölkədə çıxış etmək Azərbaycanın Qələbəsinə həsr olunduğu üçün üzərimizə xüsusi məsuliyyət qoydu. Hər yerdə bizi gurultulu alqışlarla qarşıladılar”, - deyə Adıgözəlov bildirib.
Xalq artisti daha sonra Azərbaycan bəstəkarlıq məktəbinin zənginliyinə diqqət çəkib. “Xalqımız Qara Qarayev, Niyazi, Fikrət Əmirov və təbii ki, dahi Üzeyir Hacıbəyli kimi korifeylərlə haqlı olaraq fəxr edir”, - deyə Adıgözəlov vurğulayıb.
O, müasir Azərbaycanın indiki sakinlərini işğaldan azad olunmuş, müstəqil dövlətdə yaşayan həqiqi xoşbəxt insanlar nəsli adlandırıb. “Mən özüm əslən Qarabağdanam. Ona görə də Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş hər bir çıxış şəxsən mənim üçün ikiqat məsuliyyətdir”, - deyə mədəniyyət xadimi təəssüratını bölüşüb.