
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən amnistiya elan edilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi cəmiyyətdə böyük məmnunluqla qarşılanıb. Qəsdən, yaxud ehtiyatsızlıqdan cinayət törədərək cəzaya məhkum edilmiş şəxslər cəmiyyətimizin bir parçasıdır. Onların cəzadan tam, yaxud qismən azad olunması sosial inteqrasiyası üçün vacib amildir.
Bu akt cəmiyyətdə sosial humanizmin möhkəmlənməsinə səbəb olacaq. Bu amnistiya layihəsində Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, həlak olan və itkin düşən qəhrəmanlarımızın yaxınlarına, müharibə nəticəsində əlil olmuş vətəndaşlara xüsusi diqqət yetirilməsi sosial ədalət prinsipinin bariz nümunəsidir.
Bununla yanaşı, qadınların, yaşlı şəxslərin, yetkinlik yaşına çatmayanların və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi cəmiyyətin sağlamlaşdırılmasına xidmət edir.
Bu, şəxsən cənab Prezidentimizin humanistliyini, vaxtilə səhv addım atmış insanlara yenidən bir şans verilməsidir. Amnistiya təşəbbüsü bir daha göstərir ki, Azərbaycan dövləti hər bir vətəndaşın dövlətidir.
Dövlətin güclənməsi, vətəndaşın hüquqlarının qorunması, təhlükəsizliyin təmin edilməsi, səhv addım atan insanlara yenidən şans verilməsi Azərbaycan dövlətinin atributlarından hesab edilməlidir.