Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, kinoteatr, paintball sahəsi, anfiteatr, ASAN Kafe var.
16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Ağcabədi regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarında qeydiyyatda olan 814 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
Ağcabədi regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərdiyi müddət ərzində 900 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəz gündəlik olaraq ortalama 700-ə yaxın vətəndaşa xidmət göstərir.
Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 400 nəfər könüllü məzun adını qazanmışdır.
Kompleksdə fəaliyyət göstərən Kinoklubda 92 və 46 nəfər tutumu olan 2 ədəd kinozal var. Kompleksin həyətində açıq hava tədbirləri üçün nəzərdə tutulmuş 100 nəfərlik anfiteatr mövcuddur. Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 54 nəfərdir.
Bundan başqa Kompleksin həyətində vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası, idman və əyləncə guşəsi var.