Adı olan, fəaliyyəti olmayan qurum — Deputat ianələri mənimsəyir?

Adi olan, fealiyyeti olmayan qurum — Deputat ianeleri menimseyir?
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti ilə bağlı narazılıqlar mövcuddur. Cəmiyyətin sədri, deputat Novruz Aslanın adı maliyyə şəffaflığı ilə bağlı ciddi iddialarda hallanır. Əsas iddialardan biri ianə qutularından toplanan vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, hətta, birbaşa sədrin şəxsi maraqlarına xidmət etməsi ilə bağlıdır.
Məsələ ilə bağlı Demokrat.az-a danışan tanınmış hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bunları deyib:



“Bu qurum mən bildiyim qədər ictimai təşkilatdır. İctimai təşkilatdırsa, hesabatını açıqlamalıdır. Açıqlamırsa, bu ondan xəbər verir ki, orada nəsə qaydasında deyil. Bilmirəm kimlər bu quruma ianələr verir, söhbət hansı məbləğlərdən gedir? 
Adından göründüyü kimi, bu təşkilatın işi yardım etməkdir, onlardan tələb etmək lazımdır ki, öz maliyyə hesabatlarını açıqlasınlar”.
"Ağ Partiya" sədri Tural Abbaslı indiyədək sözügedən qurumun hər hansı yarım kampaniyaları keçirdiyini görmədiyini bildirib:



“Bu qurumun fəaliyyəti ilə bağlı çox məlumatım yoxdur. Beynəlxalq Qızıl Aypara Cəmiyyətinə tabedirlər, yoxsa qeyri-hökümət statusundadır, konkret məlumatım yoxdur. Amma Azərbaycanda fəaliyyət göstərən bir çox qurumlar kimi, bunların da fəaliyyətində şəffaflıq axtarmaq düzgün olmaz. 
Azərbaycanın harasında siz Qızıl Ayparanın aktivliyini görmüsünüz? Hanısa uşaq evində, yardıma ehtiyacı olan qazilərin evində, şəhid ailələrinin yanında görmüsünüz? 
Yaxud hansısa kampaniyaların təşkilində? 
Məncə elə ad olaraq qalır orada o qurum. O ad altında hansı işlərlə məşğul olurlar, bilmirəm. Hər halda Azərbaycanda bu qurumun fəaliyyəti görünmür, Türkiyədəki qədər deyil”.


Cavidan Mirzəzadə: Demokrat.az