4 işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı

4 iscisinin olumunde teqsirlendirilen icaredarin hebs muddeti uzadildi

Binəqədidə ötən ay hotelin 4 işçisinin ölümündə təqsirləndirilən icarədar Ağasif Verdiyevin barəsində olan həbs müddəti uzadılıb.

Zeferinfo.az xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, Ağasif Verdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Qeyd edək ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri — 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.

Toplanmış sübutlarla “Lake Hotel”in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.

Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.