20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

20 Yanvar faciesinin 36-ci ildonumune hesr olunmus anim tedbiri kecirilib

İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) və Azərbaycan Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının rəsmi dəstəyi, Smart Hotels Group və Space Travel-in təşkilatçılığı ilə yanvar ayının 18-də Smart Hotels Group-a məxsus “Şafran” otelində qazi və şəhid ailələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) rəhbəri, həmyerlimiz Pərviz Altayın, qadın komitəsinin sədri Tərlan Əvəzqızının  və məşhur yutub-bloger Aziz Başer Evrenin Azərbaycana səfəri çərçivəsində təşkil olunub. Anım mərasimində “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimaiyyət və media təmsilçiləri, qazilər və şəhid ailələri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin simvolu olan 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən bəhs edilib, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yaralı qazilərimizə Uca Allahdan şəfa, şəhid ailələrinə səbir və dözüm arzulanıb.

Çıxış edən qazilər və şəhid ailələrinin nümayəndələri döyüş yolları, cəbhə xatirələri və vətənpərvərlik ruhu barədə ətraflı məlumat verib, gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyini xüsusi vurğulayıblar. Çıxışlarda Azərbaycan xalqının haqq mübarizəsində göstərdiyi qəhrəmanlıq nümunələri və bu mübarizənin nəticəsində qazanılmış tarixi Zəfərdən geniş şəkildə bəhs olunub.

Tədbirin əsas məqsədlərindən birinin Azərbaycan Respublikasının apardığı haqq savaşı, əldə etdiyi tarixi qələbə, eləcə də Azərbaycan–Türkiyə qardaşlığı və türk birliyi ideyaları barədə Türkiyə ictimaiyyətinə dolğun və obyektiv məlumatların çatdırılması olduğu bildirilib. Qeyd olunub ki, iki qardaş ölkə arasındakı strateji, mədəni və mənəvi bağlar regionda sülh və sabitliyin əsas dayaqlarındandır.

Anım tədbiri səmimi və duyğusal atmosferdə keçib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, milli həmrəylik və birlik ruhu bir daha nümayiş etdirilib. Tədbirin sonunda qazi və şəhid ailələrinə göstərilən diqqət və mənəvi dəstək yüksək qiymətləndirilib.